Portuqaliyada sərt karantin tətbiq olunub

Portuqaliyada koronavirusa qarşı sərt karantin rejiminin tətbiqinə başlanılıb. Buna bənzər qabaqlayıcı tədbirlər 2020-ci ilin mart və aprel aylarında da tətbiq olunmuşdu.

APA “RİA novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Antonio Koşta öz açıqlamasında deyib.

O bildirib ki, ölkədə yoluxma hallarının sayı artır, “həyatları xilas etmək, səhiyyə sistemini qurtarmaq” lazımdır.

“Bu gün səhər parlament fövqəladə vəziyyət rejimini 30 yanvar tarixinə qədər uzadıb. Hər birimiz evdə qalmalıyıq”, - deyən Baş nazir, ölkə sakinlərinin ötən ilin mart və aprel aylarında tətbiq olunmuş sərt karantin tədbirlərinə bənzər qaydalara qayıtmalı olduqlarını vurğulayıb.

Koşta bildirib ki, sakinlər mümkün qədər məsafədən işləməlidir. Bununla yanaşı, məktəblər açıq qalacaq. Tədbirlər cümə günündən etibarən qüvvəyə minəcək. Sərt karantin bir ay davam edəcək. Ərzaq mağazaları istisna olmaqla (ziyarətçi sayında məhdudiyyət olmalıdır), bütün mağazalar bağlanacaq, bərbər salonları, mədəniyyət və idman obyektləri işləməyəcək. Məhkəmələr və dini qurumlar açıq qalacaq.

Baş nazir bu cür tədbirlərin “iqtisadiyyata mənfi təsirlər verəcəyini” etiraf edib, ancaq ticarəti dəstəkləyən tədbirlərin bu dəfə mart ayından daha güclü olduğunu bildirib. Karantin tədbirlərinin pozulmasına görə cərimələr də artırılacaq.