Hərəki funksiyanın itirilməsi

Skelet əzələlərinin tonusu və yığılması onurğa beyinin öz buynuzlarında yerləşən hərəki neyronların oyanma qabiliyyəti ilə əlaqədardır.Baş beyində yerləşən hərəki mərkəzlər,motoneyronlar və hərəki sinir liflərinin zədələnməsi hərəkət pozğunluqlara səbəb olur.Hərəki sinir mərkəzlərinin və hərəki yolların zədələnmələri çox vaxt iltihab,travma,qansızma,tromboz,emboliya və şiş mənşəli olur.Bəzi hallarda isə histeriya və psixi travma zamanı da hərəki pozulmalara rast gəlinir.Sinir sistemi ilə əlaqədar pozğunluqların əsas formaları bunlardır:
- hərəki funksiyanın itirilməsi
- hiperkinezlər
- hərəkət koordinasiyasının pozulması
Əzələlərin hərəkətinin və orqanların funksiyasının tam itirilməsinə iflic deyilir.Patologiyalar zamanı funksiyaların və hərəkətlərin məhdudlaşması isə parez adlanır.
İflic sinir yollarının hər hansı bir hissəsindən hərəki impulsların tamamilə keçməməsi nəticəsində baş verir.Parez zamanı isə sinir impulslarının natamam keçməsi müşahidə edilir.
Periferik iflic və parez periferik hərəki neyronların funksiyasının itirilməsi və ya zəifləməsi nəticəsində baş verir.Bu neyronların funksiyası onurğa beyinin ön buynuzlarının,ön köklərin və periferik hərəki sinir liflərinin zədələnməsi nəticəsində pozula bilir.İnsanlarda periferik iflicə sinir liflərinin travmaları,polinevrit və bəzi avitaminozlar(əsasən B qrup vitaminlər) da səbəb ola bilir.
Periferik iflic olan nahiyədə əzələ tonusu kəskin surətdə azalır.İflic zamanı ətraf əzələləri passiv hərəkətə qarşı müqavimət göstərmir,yumşaq və süst olur.Buna görə də periferik iflicə həm də süst iflic deyilir.İflic baş verdikdən sonra isə inervasiya nahiyəsində maddələr mübadiləsi azalır,əzələ liflərində kifayət qədər ATF əmələ gəlmir,zülalların sintezi azalır,yeni zülalların əmələ gəlməsi baş vermir.Bu həmin nahiyədə ehtiyac duyulan maddələrin oraya gəlməməsinə və bu səbəbdən də həmin nahiyədə qidalanma pozğunluqlarının baş verməsinə səbəb olur.