Azərbaycanda daha iki məhsula aksiz dərəcəsi tətbiq ediləcək

Azərbaycanda aksiz dərəcəsi tətbiq edilən malların siyahısı genişləndirilib.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Yeni aksiz dərəcəsi tətbiq ediləcək mallar aşağıdakılardır:

- qəlyan üçün tütünlər və istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər – hər kiloqramına 30,0 manat;

- qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları – 1000 ədədinə 12,9 manat.

Bu mallara görə aksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin (miqdarının) hasilinə tətbiq edilməklə hesablanır.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.