YAP-çı deputatın təklifi “absurd” adlandırıldı:  “Buraxılış imtahanları yenidən keçirilə bilməz” - Elçin Əfəndi

“İmtahanın nəticələri daha da aşağı olarsa, bu halda imtahanlar yenidən keçirilə bilər”.

Bu sözləri deputat Azər Badamovun Dövlət İmtahan Mərkəzinin (DİM) buraxılış imtahanları üçün tərtib etdiyi sualların çətin olması və buna görə də buraxılış imtahanlarının yenidən keçirilməsi ilə bağlı təklifinə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.

Ekspert hesab edir ki, DİM-in imtahanları qaydasında keçirilib. Sadəcə olaraq, müəyyən çatışmazlıqlar qeydə alınıb:

“Bu, ingilis dilində dinləmə mətnləri icra olunarkən texniki avadanlıqlarda yaranan nasazlıqlarla bağlı idi. İmtahanlarda tərtib olunan sualların çətinliyi ilə bağlı hal mümkün deyil.

DiM hər il imtahanlar keçirərkən sualların asan, orta və çətin olması prinsipini nəzərə alır. Əksər şəxslər bildirirlər ki, imtahana düşən suallar rayonlar üzrə asan və ya çətin olur. Bu məlumat yanlışdır.

Çünki DİM-in imtahanlar üçün tərtib etdiyi sualların səviyyəsi rayonlar üzrə bölünmür. Əks halda, Bakı şəhəri üzrə imtahanlar daha çətin olardı. Çünki hər dəfə DİM tərəfindən açıqlanan statistik məlumatlarda ən yüksək balı məhz Bakı şəhərində məskunlaşan abituriyentlərin topladığı görünür”.

İmtahanların təkrar keçirilməsi ilə bağlı təklifin yanlış olduğunu bildirən Elçin Əfəndinin fikrincə, DİM nəticələri açıqlamayana kimi yeni qərarın qəbul edilməsi doğru yanaşma deyil:

“İmtahanların yenidən keçirilməsi əlavə vaxt itkisinə səbəb olur. Eyni zamanda, DİM tərəfindən nəticələri açıqlanmamış imtahanlar təkrar keçirilə bilməz.

Çünki heç kim imtahan nəticələrini dəqiqliklə bilmir. İmtahan nəticələri ötən illə müqayisədə daha da aşağı olarsa, bu halda imtahanlar yenidən keçirilə bilər. İndiki durumda irəli sürülən təklif sadəcə, bir cəfəngiyyatdır”.

Gülşən Şərif

www.yenicag.az