Rusiya Avropa ölkələrinə qazın ixracını kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Rusiyanın "Qazprom" şirkəti uzaq xarici ölkələrə 68,4 mlrd. kubmetr qaz tədarük edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15,1 mlrd. kubmetr və ya 28,3% çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı "Qazprom"a istinadən xəbər verir.

Məlumata görə, ilin əvvəlindən şirkət 179,9 mlrd. kubmetr qaz hasil edib, bu da illik müqayisədə 21,7 mlrd. kubmetr və 13,7% çoxdur.

Qeyd olunur ki, qaz alışı xüsusən Almaniya (+36,8%), Türkiyə (+143,7%), İtaliya (+11%), Fransa (+16,9%), Serbiya (+97,9%), Rumıniya (+139,8), Polşaya (+20,6) və Yunanıstan (+34,8%) kimi Rusiya "mavi yanacağı"nın istehlakçıları tərəfindən artırılıb.

Xatırladaq ki, Azərbaycan Türkiyənin qaz idxalında Rusiyadan sonra ikinci yerdə qərarlaşıb. Bununla yanaşı, Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri vasitəsi ilə Avropaya qazın ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.