Sabiq icra başçısı azadlığa buraxıldı – Xəstəxanaya yerləşdirildi

Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov səhhəti ilə əlaqədar həbsdən azad edilib.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə təqsirləndirilən şəxsin vəkili Elnur Vəliyev məlumat verib.

O bildirib ki, sabiq icra başçısının vəziyyəti həbsdə kəskin pisləşib və o, Şəki Şəhər Mərkəzi Xəstəxanasına köçürülüb: “Orada bildirdilər ki, Qoca Səmədov təcili ürək əməliyyatı keçirməlidir. Ona görə də təqsirləndirilən şəxs Bakıda Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildi. İki gündür vəziyyəti ağırdır, anjioqrafiya olundu və diaqnoz qoyuldu ki, o ürəyindən əməliyyatı edilməlidir. Hazırda klinikada cərrahi əməliyyata hazırlıq görülür”.

Vəkil deyib ki, Q.Səmədovun vəziyyəti pisləşdiyindən məhkəmə onun barəsində başqa yerə getməmək qərarı çıxarıb və həbsdən azad edib.

www.yenicag.az