3 il əvvəl peşəkar futbolda debüt etdi, ÇL-də "Atletiko"nu "yıxdı"

Çempionlar Liqasının B qrupunda "Milan" səfərdə "Atletiko"nu 1:0 hesabı ilə məğlub etdi. 

Qaynarinfo xəbər verir ki, İtaliya komandasının qələbə qolunu 87-ci dəqiqədə Junior Messias vurub. Məhz bu matçdan sonra onun hekayəsi yenidən gündəmə gəlib.

Messias 2011-ci ildə 20 yaşında olarkən həyat yoldaşı və uşağı ilə Turinə köçüb və orada kuryer kimi fəaliyyətə başlayıb. Boş vaxtlarında həvəskar şəkildə futbol oynayan Messiası "Torino"nun sabiq futboçusu və meneceri Ezio Rossi kəşf edib. Onun formasını geyindiyi "Qozzano", 2017-18 mövsümündə C Seriyasına vəsiqə qazanıb. Braziliyalı oyunçu C Seriyasında debütünü 2018-ci il sentyabrın 23-də "Kuneo" ilə matçda edib. Beləliklə, o, 27 yaşında peşəkar futbolda debüt edib. Daha sonra "Krotone"nin heyətində B Seriyasında ilk matçını "Kosenza"ya qarşı keçirib. Komandası ilə A Seriyasına vəsiqə qazanan Messias, burada ilk qolunu 2020-ci ildə "Kalyari"yə vurub. 

30 yaşlı futbolçu cari mövsümün əvvəlində icarə əsasında "Milan"a yollanıb. İlk dəfə Çempionlar Liqasında çıxış edən Messias "Atletiko"nu məğlub etdikləri qarşılaşmada yeganə qolun müəllifi olub.

Səbuhi Həsənov